Qanlı və Şanlı 20 Yanvar!

20 Yanvar 1990-cı il...

Azərbaycan xalqının, Azərbaycan türklərinin tarixində növbəti qanlı və şanlı səhifə...

Artıq 20 Yanvar hadisələrindən bizləri, xalqımızı nə az, nə çox, düz 29 il ayırır...

20 Yanvar hadisələrinin 29-cu ildönümüdür və hər il olduğu kimi, bu il də xalqımız, dövlətimiz ölkə rəhbərliyi ilə bir yerdə Şəhidlər Xiyabanını, Şəhidlərimizi, məhz bu günlərimiz, ikinci istiqlalımız üçün gözlərini qırpmadan, bir an tərəddüd etmədən canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsini, ruhunu onların adlarına layiq şəkildə yad və qeyd edəcək.

Yüzminlərlə, hətta milyonlarla insan qışın soyuğuna, sazağına baxmayaraq, yenə əllərində qərənfil dəstələri Şəhidlər Xiyabanına (həmçinin, bölgələrdə) axın edəcək, Şəhidlərimizin ruhuna dua oxuyacaqlar.

Bəli, 20 Yanvar qanlı hadisə olsa da, həm də şanlı bir səhifədir.

Müstəqiliyimizi hələ də həzm edə bilməyənlər, “bəlkə də, qaytardılar” sevdası ilə yaşayanlar, Şimal küləyinə qapılanlar, fürsət düşdükcə, sosial şəbəkələrdə pozuculuq fəaliyyəti ilə məşğul olanlar, xalqımızı, istiqlaliyyətimizi aşağılayanlar 20 Yanvar hadisələrini nə qədər qanlı hadisələr kimi təlqin etməyə, insanlarda yenidən xof və vahimə yaratmağa, keçmiş sovetlər quruluşunun yaxşılığına inandırmağa, beyinlərə zəhər axıtmağa çalışsalar da, alınmır ki, alınmır.

Bu günədək alınmayıb, bundan sonra da alınmayacaq. Bu xalqı, bu milləti, bu dövləti kimsə öz istiqlalından, öz azadlığından, öz istiqlal və azadlıq sevdasından, 20 Yanvarından (və sairə) iyrəndirə, vaz keçirə bilməyəcək.

Bəli, 20 Yanvar şanlı bir tarixdir.

20 Yanvar bu xalqın, bu millətin XX əsrin sonlarında, 80-ci illərin axırları-90-cı illərin əvvəllərində ikinci istiqlal savaşının, məkrli ermənilər və ermənipərəst dairələr tərəfindən (keçmiş Sovet rəhbərliyindən tutmuş bir sıra Qərb ölkələrinəcən) 1988-ci ildə yenidən alovlandırılan Qarabağ hadisələri fonunda ayağa qalxmış Azərbaycan türklərinin növbəti milli azadlıq hərəkatının Kreml rəhbərliyi tərəfindən qanla yatırılması cəhdi və bu qanlı cəhd qarşısında dirənişidir.

Ermənipərəstliyi ilə seçilən Sovet rəhbərliyinin, Mixail Qorbaçovhakimiyyətinin islam fundamentalizmi, islam ekstremizmi, ermənilərin guya Bakıda və Azərbaycanın başqa bölgələrində qətlə yetirilməsi (əslində, 20 Yanvar hadisələri ərəfəsində Bakı şəhərində və digər bölgələrdə təşkil edilən hadisələr 1988-ci ilin fevralında Sumqayıtda törədilənlərin davamı, eyni ssenarinin tərkib hissəsi idi, məhz ermənilərin özlərinin və Sovet DTX-sinin məkrli planı və qanlı əlləri ilə düzənlənmişdi) bəhanəsi ilə heç bir xəbərdarlıq edilmədən Bakıya qoşun yeritməsi ikinci istiqlal savaşı, mücadiləsi aparan Azərbaycan xalqının gözünü qorxutmaq, mübarizə əzmini qırmağa hədəflənsə də, hesablansa da, hesablar sonda istənilən kimi alınmadı, hədəflərə nail olunmadı.

Əksinə, 20 Yanvar hadisəsi, 19-dan 20-nə keçən gecə yaşananlar Azərbaycan xalqının top-tüfəng qarşısında sarsılmazlığını, əyilməzliyini, sınmazlığını gözlər özünə sərdi, nəinki sovetlər imperiyasına və onun başında oturan başsız rəhbərlərinə, eləcə də, bu hadisələrə soyuqqanlı və seyirçi mövqe nümayiş etdirən dünya ictimaiyyətinə açıq şəkildə göstərmiş oldu.

Bəli, həmin gecə Bakımız (həmçinin, Sumqayıt yolunda, Lənkəranda və Neftçalada qanlar töküldü, insanlar qətl edildi) al qana boyandı, yüzlərlə vətən övladı qətlə yetirildi, Şəhid oldu. Yüzlərlə insan ağır yaralandı, itkin düşənlər, öldürülərək, Xəzər dənizinə atılanlar oldu (bu gün də 20 Yanvar gecəsi qətlə yetirilmiş bir neçə vətən övladından xəbər yoxdur və onlardan biri də 27 ildən sonra Şəhid statusu almış Şövkət Ağayevdir), ölkəmizə, respublikamıza böyük həcmdə, külli miqdarda maddi və mənəvi ziyan dəydi. Amma Azərbaycan xalqının gözünü qorxutmaq, mübarizə əzmini sındırmaq mümkün olmadı.

Yeri gəlmişkən, bir daha xatırladaq ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək cani hərbi qulluqçular tərəfindən 82 nəfər amansızcasına qətlə yetirilmiş, 20 nəfər ölümcül yaralanmışdı.

Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüş, bununla belə, fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha səkkiz nəfər qətlə yetirilmişdi.

Bütövlükdə Sovet qoşunların yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdu; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən, təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi.

Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin, təcili yardım işçiləri və milislər olmuşdu.

Amma və lakin... 20 Yanvar qırğınının səhəri günü, yəni 21 yanvar 1990-cı ildə insanlar meydanlara toplaşaraq, Sovet, Qorbaçov hakimiyyətinə, tam nüfuzdan düşmüş Kommunist Partiyasına, onun xalqımıza qarşı qanlı əməllərinə etiraz əlaməti olaraq, kütləvi şəkildə partiya biletlərini cırmış, rus-sovet əsgərlərinin qan bürümüş gözləri qarşısında tonqallara atıb yandırmışdılar.

1989-cu ildə “İlin xalqı” adını almış xalqımız həm 20 Yanvar gecəsi, həm də Şəhidlərin dəfn edildiyi gün - 22 Yanvarda yenidən tarix yazdı.

Sovet-rus əsgərlərinin, SRRİ rəhbərliyinin (o vaxt Azərbaycan, Azərbaycan SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsinin rəhbərliyi başsız qalmışdı, respublikada hakimiyyətsizlik idi), 20 Yanvarın qanlı xaç ataları – Qorbaçovların, Yazovların, Primakovların, Girenkoların, Bakatinlərin, Barannikovların, Polyaniçkoların (Kremlin Azərbaycandakı qanlı canişini) qorxutma və təxribatçılıq cəhdlərinə baxmayaraq, Azərbaycan xalqı, Bakı əhli bir nəfər kimi ayağa qalxaraq, 22 Yanvarda öz Şəhidlərini dəfn etdi.

Həmin gün bölgəli-paytaxtlı, şəhərli-rayonlu-kəndli bütün Azərbaycan ayaq üstdə idi və bu dik duruşu ilə Azərbaycan xalqı özünün necə sınmaz olduğunu və azadlıq təşnəsi, azadlıq eşqi ilə yanıb, alovlandığını bütün kürreyi-ərzə nümayiş etdirdi.

Həmin günlər Azərbaycan xalqı daha bir mübarizlik nümunəsini ortaya qoydu.

Artıq “özünə gəlmiş” yerli Azərbaycan rəhbərliyinin, o cümlədən, Kremlin, Sov.İKP rəhbərliyinin bütün cəhdlərinə, Bakıda və eləcə də, Azərbaycanın bəzi bölgələrində fövqəladə vəziyyət rejiminin, komendant saatının hökm sürməsinə, mövcudluğuna, sovet hərbçilərinin yenə əli tətikdə dayanmasına baxmayaraq, xalıqımız daha bir dinc, dünyaya örnək olacaq etiraz aksiyasını keçirdi.

Xüsusilə Bakıda bütün zavod və fabriklər, o cümlədən, ali və orta ixtisas məktəbləri 40 günlük tətil elan etdi, heç kim işə çıxmadı, məktəbə gemədi.

Yalnız mart ayında öz Şəhidlərinin 40 mərasimini layiqincə qeyd edəndən (həmin gün Azərbaycan yenə bir nəfər kimi ayaqda idi) sonra xalqımız dinc etiraz aksiyasına, ümummilli tətilinə son verdi.

Bəxtiyar Vahabzadənin tüpürcəyi və Ovçinnikovun etirafı

Onu da xatırladaq ki, həmin günlər Azərbaycanın tanınmış insanları, söz və sənət adamları, yaradıcı şəxsləri də öz layiqli, nümunəvi və son dərəcədə riskli (həyatları üçün ciddi təhlükələrə rəğmən) davranışları ilə yaddaşlara, hafizələrə əbədilik həkk olundular.

İstiqlal şairimiz Bəxtiyar Vahavzadənin rus-sovet generalının üzünə tüpürməsi hadisəsi o zamanlar dillər əzbərinə çevrilmiş, xalqımızın ruhuna ruh qatmışdı.

Düzdür, həmin vaxtlar Bəxtiyar  Vahabzadənin Bakının hərbi komendantı olan general Dubinyakın üzünə tüpürdüyü deyilsə də, sonradan həmin şəxsin Bakıya yeridilən “Alfa” qrupunun rəhbəri general Ovçinnikovolduğu üzə çıxmışdı. 

“Mən bu adamı tanımırdım. İndi məlumat verdilər ki, məni təhqir edən şəxs şairdir, akademikdir, deputatdır, universitet müəllimidir. Mən indi özümü çox xoşbəxt hesab edirəm ki, bu adama əl qaldırmadım.

Düzünü deyim ki, mən onu hətta bu hərəkətinə görə güllələyə bilərdim. Bakıda təsadüfi güllənin qurbanlarından biri də bu şair olacaqdı. Amma mən onun ötkəm hərəkətindən hiss etdim ki, qarşımdakı şəxs sıravi adam deyil, “aksakkaldır”, hörmət sahibidir”.

Mən özüm yetimxanada böyümüşəm, özü də Daşkənddə. Müsəlmanların çörəyi ilə böyümüşəm”.

Bunu isə onlarla adamın gözü qarşısında məhz Ovçinnikov özü söyləmişdi...

İsmayıl Şıxlı: Bu partiya Qorbaçov və sizin kimi rəhbərlərin ağlı ucundan öz mahiyyətini dəyişib, faşist partiyasından da dəhşətli “SS” partiyasına çevrilib

Daha bir İstiqlal mücahidimiz, xalq yazıçımız İsmayıl Şıxlının həm günlərdə atdığı addım o zamanların (elə indinin özündə də) dastanına çevrilmişdi.

Belə ki, İ.Şıxlı 20 Yanvar hadisələrindən cəmi bir neçə gün sonra, 1990-cı il yanvar ayının 24-də Azərbaycan KP MK-nın plenumundakı çıxışında (Azərbaycan və SSRİ-nin rəhbər şəxslərinin iştirak etdiyi tədbirdə) bunları deyir:

“...Təklif edirəm: Bakını ələ keçirib dinc əhalini qırmaqda “böyük sərkərdəlik” məharəti göstərdiyinə görə general Yazova marşal adı verilsin və “Qələbə” ordeni ilə təltif olunsun. Qoy, bəşəriyyətə Suvorov, Kutuzov, Jukov kimi böyük sərkərdələr vermiş rus xalqı “öz oğlu” Yazovla da “fəxr etsin”...

... Don Kixot yel dəyirmanları ilə vuruşduğu kimi, o da (Kommunist Partiyası) öz xalqı ilə vuruşur. Artıq ona xalqın etimadı yoxdur. Ona görə də kütləvi şəkildə partiyadan çıxırlar. Mənim 71 yaşım var. Bütün ömrümü bu quruluşa həsr etmişəm. Azərbaycan KP MK üzvlüyünə namizədəm, Azərbaycan SSR Ali Sovetinin deputatıyam. SSRİ Yazıçılar İttifaqının üzvü və katibiyəm. 45 illik partiya stajım var.

Mən müharibədə Kommunist bolşeviklər partiyasına üzv olmuşam. İndi isə bu partiya Qorbaçov və sizin kimi rəhbərlərin ağlı ucundan öz mahiyyətini dəyişib, faşist partiyasından da dəhşətli “SS” partiyasına çevrilib. Mən sizinlə bir sırada dayanmaq və belə bir partiyanın üzvü olmaq istəmirəm”.

Həmçinin, həmin günlərdə, daha doğrusu, 20 Yanvar Şəhidlərinin bir ili tamam oluncaya kimi, Azərbaycanda efir məkanında, mədəniyyət saraylarında, konsert salonlarında əyləncəli proqramlar, hətta əvvəlcədən müəyyənləşdirilmiş, biletləri belə satılmış konsertlərə, toy, şənlik mərasimlərinə ara verildi.

Azərbaycanın və dünyanın böyük sənətçisi, korifey müğənni Zeynəb Xanlarova 1990-cı ilin əvvəllərində keçmiş Lenin adına (indiki Heydər Əliyev adına Respublika Sarayı) Sarayda solo konsert proqramı ilə çıxış etməyi planlaşdırsa da, dərhal həmin konserti təxirə saldı.

Bir ildən çox müddət ərzində heç bir mahnı ifa etmədi, yalnız 20 Yanvar günlərində istiqlal mücahidi, xalq şairimiz Bəxtiyar Vahabzadənin könülləri inlədən, gözləri yaşardan, eyni zamanda, mübarizliyə çağıran tarixi “Şəhidlər” şeirinə yazılmış manının ifa etdi.

Ümumiyyətlə, o zamanlar çox qısa müddətdə bədii ədəbiyyatda 20 Yanvara çoxlu sayda ədəbi əsərlər həsr olundu ki, bu yerdə yenə Bəxtiyar Vahabzadənin “Şəhidlər” və “Larisa”, Məmməd Aslanın “Ağla, qərənfil, ağla”, “Davam edir 37” deyən Xəlil Rza Ulutürkün “Qanım bayrağımdadır”, Fikrət Qocanın “Şəhidlər Xiyabanı” şeirlərini qeyd etmək olar.

 Həmçinin, 20 Yanvar mövzusuna aid təsviri incəsənətdə Mikayıl Abdullayevin “Nakamların dəfni”, Rasim Babayevin “Təcavüz”, Arif Hüseynovun “Qara tağlı natürmort” rəsmlərini,  Azərbaycan kinematoqrafiyasında “Qanlı Yanvar”, “Boz qurdun harayı”, “Azadlığa gedən yollar”, “Bakıda insan ovu”, “Şəhidlər və qazilər”, “Qanlı Bakı”, “Matəm” filmlərini, o cümlədən, Tofiq Bakıxanovun “Humayun” simfonik muğamını, qaboy ustası Kamil Cəlilovun “Zəminxarə” muğamını, Cövdət Hacıyevin “Şəhidlər” simfoniyasını qeyd etmək olar.

Bəli, qanlı və şanlı 20 Yanvardan 29 il ötür. Ancaq istiqlal uğrunda canlarını fəda etmiş 20 Yanvar Şəhidlərimiz öz məzarlarında rahat uyuya bilərlər. Onların mübarizəsi yarımçıq qalmadı, davam etdirildi və öz məntiqi sonluğuna yetişdi.

Bu hadisələrdən cəmi bir il 7 ay sonra, 1991-ci ilin avqustunda Azərbaycan xalqı tarixində, bir əsrdə ikinci dəfə öz istiqlalına qoşuşdu və artıq 28 ildir müstəqil dövlət kimi ayaqdadır, öz imzasını imzalar içində tanıtdırmaqdadır.

Dünya bir zamanlar 20 Yanvar hadisəsini (eləcə də, digər yaşadıqlarımızı) görməzdən gəlsə də, artıq indi müstəqil, suveren Azərbaycanla, Azərbaycan xalqı ilə  hesablaşır.

Odur ki, 20 Yanvar Şəhidlərimiz başda olmaqla, cəmi Şəhidlərimizin ruhlarının şad, məkanlarının cənnət olmasını Böyük Yaradandan diləyir, qanla yoğrulmuş müstəqilliyimizin əbədi olmasını arzu edirik!

Rekam